ELM VƏ TƏHSİL
Xəzər Universiteti əməkdaşının metodik dərs vəsaiti çap olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın “Terapevtik ünsiyyətin əsasları” metodik dərs vəsaiti çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabda psixoloji seanslarla bağlı aktual nəzəri və praktiki məsələlərə yer ayrılıb. Müəllif məzun və tələbələrin psixoloji konsultasiya ilə məşğul olduqları zaman üzləşdikləri suallara cavab verməyə səy göstərib. Kitaba anonimlik və etik prinsiplər qorunmaqla real pasiyent ifadələri verilərək, praktiki çalışmalar daxil edilib.
Kitab ali məktəb tələbələri üçün nəzərdə tutulub və psixoloji konsultasiya dərsində metodik vəsait kimi istifadə oluna bilər. Dərs vəsaiti Xəzər Universiteti Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub.