ELM VƏ TƏHSİL
Xəzər Universitetində “MicroMaster” proqramı üzrə test imtahanı keçiriləcək
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 9-da Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsində riyaziyyat fənnindən test imtahanı keçiriləcək. İmtahan ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat departamentinin “Data, iqtisadiyyat və inkişaf siyasəti” (Data, Economics and Development Policy (DEDP) “MicroMaster” proqramına tələbə seçimi çərçivəsində təşkil olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, imtahanda müraciətçilər arasından seçilmiş 100-dək tələbə iştirak edəcək. İmtahanın yüksək səviyyədə təşkilinə İngilis dili və ədəbiyyatı departamenti və İctimai əlaqələr və media üzrə direktorluq dəstək göstərir.
İmtahanlar və sonda keçiriləcək müsahibənin nəticəsindən asılı olaraq, 20 tələbə “MikroMaster” proqramında iştirak etmək hüququ qazanacaq.
Oktyabr ayında onlayn formatda başlanacaq proqramdan öncə tələbələr üçün Xəzər Universitetində riyaziyyat və statistika fənlərindən 6 həftə ərzində hazırlıq dərsləri təşkil ediləcək.