MƏDƏNİYYƏT


Xəzər Universitetində “Nizami Gəncəvi – 880” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli ölkəmizdə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, “Nizami Gəncəvi – 880” mövzusunda onlayn dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Xəzər Universitetinin tələbələri və əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Türkiyənin Kastamonu, Karabük və Şimali Kipr Doğu Akdeniz universitetlərinin müəllim və professor heyəti iştirak ediblər.

Dəyirmi masanı Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova açaraq Nizami yaradıcılığında təcəssüm olunmuş humanizm məsələlərinə toxunub, dahi Azərbaycan şairinin dünya bədii-estetik fikrində tutduğu mövqedən bəhs edib. O, dəyirmi masanın özəlliyi kimi Nizami yaradıcılığına həm Azərbaycan, həm də Türkiyə və Kipr universitetlərində fəaliyyət göstərən elm adamlarının, professor-müəllim heyətinin diqqət mərkəzində dayandığını xüsusi olaraq vurğulayıb. Daha sonra tədbir Dillər və ədəbiyyatlar departamentinin müəllimi, dosent Xatirə Yusifovanın moderatorluğu ilə davam edib.

Bakı Slavyan Universitetinin dosenti İbrahim Quliyev “Nizami yaradıcılığında zərdüştilik”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları dosent Nəzakət Məmmədli “Nizami yaradıcılığında təsəvvüf”, dosent Əzizağa Nəcəfov “Bir daha Nizaminin türk mənşəyi haqqında”, Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvi məsnəvilərinin XIV əsrdə köçürülmüş bəzi nüsxələri haqqında”, Karabük Universitetinin müəllimi Şerife Ağari “Nizami Gəncəvinin Anadolu bölgəsindəki klassik türk ədəbiyyatına təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dosenti Səadət Şıxıyeva təqdim olunan mövzulara münasibət bildirərək, müxtəlif baxış bucaqlarının əhəmiyyətini xüsusi olaraq vurğulamış, bu yanaşmaların Nizamişünaslığa yeni bir istiqamət verə biləciyini qeyd edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti Tünzalə Seyfullayeva barəsində tədqiqat əsəri yazdığı Yəhya bəy Dukaqinin “Gəncineyi-raz” əsərinin Nizami Gəncəvinin “Xəmsə”sinin təsiri ilə yazıldığı haqqında məlumat verib.

Dəyirmi masa Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələrinin - Nuray Əhmədova, Sanur Yaqubov, Ülkər Qafarovanın və başqalarının təqdim olunan mövzularla bağlı müzakirələri ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.