ELM VƏ TƏHSİL


Xəzər Universitetində tanınmış pedaqoqun xatirəsini əbədiləşdirmək üçün tədbirlər həyata keçiriləcək

Bakı, 28 aprel, AZƏRTAC

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası tərəfindən tanınmış pedaqoq, təhsil təşkilatçısı, “Dünya” məktəbi və Xəzər Universitetinin həmtəsisçisi Nailə İsayevanın xatirəsini əbədiləşdirmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qızların ali təhsil almasına kömək etmək üçün N.İsayevanın fondu yaradılacaq və onun adına təqaüd təsis ediləcək. Fondun maliyyə dəstəyi Xəzər Universiteti, N.İsayevanın ailəsi və dostları tərəfindən təmin ediləcək. N.İsayevanın haqqında dost, həmkar və tanışların yazdığı xatirələr kitabı, həyat və fəaliyyətini əks etdirən albom-kitab, bəstələdiyi əsərlərin fortepiano, vokal və kamera orkestri üçün not kitabı hazırlanıb çap ediləcək. Bundan əlavə, N.İsayevanın müəllifi olduğu mahnıların tanınmış müğənnilər və qruplar tərəfindən ifası musiqi albomu şəklində hazırlanaraq yutub və digər qaynaqlarda nümayiş etdirilməsi, həyat və fəaliyyətini əks etdirən videomateriallar əsasında filmlər hazırlanması qərara alınıb. “Dünya” məktəbində N.İsayevanın muzeyi yaradılacaq. Xəzər Universiteti Mədəniyyət Mərkəzi Nailə İsayevanın Mədəniyyət Mərkəzi adlandırılacaq.

Xatırladaq ki, tanınmış pedaqoq, təhsil təşkilatçısı, “Dünya” məktəbi və Xəzər Universitetinin həmtəsisçisi Nailə İsayeva 2021-ci il aprelin 3-də vəfat edib.

Onun həyat və fəaliyyəti “Dünya” məktəbi ilə sıx bağlı olub. Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin nəzdində 1998-ci ildə onun həmtəsisçiliyi ilə yaradılmış “Dünya” məktəbinin qurulması və təşəkkülündə böyük əmək sərf edib. Bu məktəb Azərbaycan orta təhsil sistemində yenilikçi tədris ocağı kimi şöhrətlənib, ictimai nüfuz qazanıb. 2009-cu ildə Beynəlxalq Bakalavriat Təşkilatının (International Baccalaurate Organization -IBO) üzvlüyünə qəbul edilib. 2012-2013-cü tədris ilində Azərbaycanda “İlin ən yaxşı məktəbi” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.