ELM VƏ TƏHSİL
Xəzər Universitetinin 44-45-ci məzun gecəsi keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də “Xəzər” Universitetinin 44-45-ci məzun gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Xəzər Universitetinin simfonik orkestrinin ifası dinlənilib.
Tədbirin açılış mərasimində çıxış edən Xəzər Universitetinin rektoru, doktor Həsən Niknafsa bildirib ki, bu il 336 tələbə bakalavr, 70 tələbə isə magistratura pilləsində təhsili başa vurub. Tələbələri təbrik edən H.Niknafsa onlara gələcək həyatlarında uğurlar arzulayaraq deyib ki, sizin hər biriniz Xəzər Universiteti ailəsinin bir üzvüsünüz. Rektor çıxışının sonunda universiteti bitirən tələbələrə məsləhətlərini verib.
Sonra Xəzər Universitetinin rektoru Həsən Niknafsa, Belçikanın Azərbaycandakı səfiri Bert Şufs, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini universitetin magistratura və bakalavr məzunlarına diplomları təqdim ediblər.
Səfirlər məzuniyyət gecəsində tələbə və məzunlarla birlikdə olmaqdan məmnunluqlarını bildirib, onlara uğurlar arzulayıblar.
Xəzər Universitetinin təsisçisi, bu ali təhsil ocağının Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məzunları təbrik edərək deyib: “Bu gün sizin müvəffəqiyyətinizin qeyd olunduğu gündür. Lakin gələcək hələ qarşıdadır. Biz sizə gələcək hədəflərinizə çatmaq üçün diqqət və enerjinizi toplayaraq özünüzü inkişaf etdirməyi və səylə çalışmağı arzu edirik. Amma heç vaxt unutmayın ki, siz gedəcəyiniz yolda tək deyilsiniz. Siz artıq Xəzər Universitetinin məzunlar ailəsinin yeni üzvlərisiniz. Hər birinizi bir daha təbrik edir və sizə uğurlar arzulayırıq”.
Mərasim bədii hissə ilə davam edib.