İQTİSADİYYAT
“Xəzər adaları”nda stadionlar kompleksinin açılışı olmuşdur
Bakı, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 26-da “Xəzər adaları” şəhərində (“Khazar Islands”) Azərbaycanın “Avesta” konserninin inşa etdiyi tikintisi tamamlanmış stadionlar kompleksinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, “Avesta” konserninin rəhbəri İbrahim Nehrəmli KİV nümayəndələrini layihə ilə tanış etmiş, gələcəkdə digər sosial obyektlərin də inşasının nəzərdə tutulduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, şirkət Azərbaycan idmanına daim qayğı göstərir, idmanın futzal növünə xüsusi diqqət yetirir.
Stadionlar kompleksinin açılışından sonra “Khazar Islands” peşəkar futbol klubunun təqdimetmə mərasimi keçirilmişdir. Qonaqlar “Khazar Islands” – “Neftçi” futzal klubları arasında keçirilən yoldaşlıq görüşünü də maraqla izləmişlər.
Sonra jurnalistlər tikinti sahəsini gəzmiş, inşası başa çatmış və tikiləcək obyektlər barədə ətraflı məlumat almışlar.