İQTİSADİYYAT


Xəzər dənizi limanlarında “rəqəmsal dəhliz”in gücləndirilməsi layihəsinə start verilib

Bakı, 14 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin açılış iclası keçirilib. Əsas prioriteti Azərbaycan, Türkmənistan və Qazaxıstanın nəqliyyat və ticari bağlılığını möhkəmləndirmək olan layihəyə ölkəmizdə fəaliyyət göstərən iri nəqliyyat şirkətləri, beynəlxalq qurumlar, səfirliklər, Qazaxıstanın Aktau və Kurık limanlarının nümayəndələrinin iştirakı ilə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov layihə barədə məlumat verərək deyib: “Bakı Limanının tətbiq etdiyi liman əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarə etmə və bu il üçün nəzərdə tutulmuş EcoPorts PERS ekoloji sertifikat qurumun öz fəaliyyətini zamanın tələbinə uyğun qurduğunu nümayiş etdirir. ATƏT-lə bu gün təməli qoyulan və üç qardaş limanı birləşdirən layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım olacaq”.

Bildirilib ki, layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın işlənməsi nəzərdə tutulub. Eyni zamanda, dünyanın aparıcı yaşıl limanlarının qabaqcıl təcrübələri ilə tanışlıq məqsədilə təlimlərin və yaşıl limanlar üzrə təlimatlar hazırlanmaq üçün regional seminarların keçirilməsi də layihənin əsas məqsədlərindən biridir.

ATƏT-in İqtisadi və ətraf mühit əlaqələndiricisi, səfir Vuk Zugic qeyd edib ki, enerji təhlükəsizliyi, rəqəmsallaşdırma və bağlılıq ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsidir. “Əminəm ki, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı birgə layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzularında Xəzər dənizində mövqelərini gücləndirəcək”, - deyə Vuk Zugic vurğulayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Kamil Xasiyev, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan ofisinin rəhbəri İvana Duarte, ATƏT-in enerji təhlükəsizliyi üzrə baş proqram mütəxəssisi Daniel Kroos, Avropa Yenidənqurma və İnkişaf Bankının dayanıqlı nəqliyyat sektorunun müdiri Tara Şirvani, BMT Ticarət Təşviqi və e-biznesə Dəstək Mərkəzinin direktoru Lens Tompson və Bakı Limanının istismar şöbəsinin müdiri Yucin Si təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi ATƏT tərəfindən qəbul edilmiş “ATƏT regionunda enerji ilə əlaqədar fəaliyyətlərin ətraf mühitə təsirini azaltmaq”, “ATƏT-də nəqliyyat üzrə dialoqun gücləndirilməsi” və “Düzgün idarəetmənin gücləndirilməsi və bağlılığın təşviqi” proqramları çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, layihə BMT tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərindən dördünə töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.