CƏMİYYƏT
Xəzər dənizində nərəcinsli balıqların ehtiyatları 30 dəfə azalıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün Bakıda öz işinə başlayan Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 1-ci Təsisedici Hökumətlərarası Sessiyasına Azərbaycan sədrlik edir. İndiyədək Xəzəryanı ölkələr tərəfindən yaradılmış Komissiyanın 36 sessiyası keçirilib. Xəzərətrafı ölkələrin dövlət başçılarının 2010-cu ildə Bakıda keçirilən III Zirvə Görüşündə ölkə prezidentləri nərə balığı növlərinin kommersiya ovuna moratoriumun mexanizminin işlənib hazırlanmasını hökumətlərə tapşırıblar. Rusiya Federasiyasının Həştərxan şəhərində 2014-cü il sentyabrda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə isə yeni yaradılacaq Hökumətlərarası Komissiyanın Sazişinə dair tam razılıq əldə olunub. Ötən il isə Komissiyaya hökumətlərarası status verilib. Yeni Komissiyanın əsas məqsədi Xəzər dənizinin bioloji resurslarının qorunması və səmərəli istifadəsinə dair tənzimləyici hökumətlərarası tədbirlərin həyata keçirilməsidir.
Bu barədə AZƏRTAC-a ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev məlumat verib.
Nazir müavini qeyd edib ki, sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı prosedur qaydalarının qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması, həmçinin ənənəvi xarakter daşıyan bir neçə məsələnin müzakirə edilməsi nəzərdə tutulub. Sessiyaya Xəzəryanı ölkələr tərəfindən hər il dəniz ekspedisiyaları əsasında bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və digər məqsədlər üçün kvotaların mənimsənilməsi, o cümlədən balıq ehtiyatlarının mühafizəsi üzrə əldə edilmiş məlumatlar təqdim olunub. İclasda gələn il Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, yalnız cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərarın qəbul edilməsi gözlənilir.
Xəzər dənizində nərəcinsli balıqların ehtiyatı barədə məlumat verən nazir müavini onların sayının ötən əsrin səksəninci illərindən etibarən kəskin şəkildə azaldığını qeyd edib: “Əgər 1980-ci illərdə Xəzəryanı ölkələr üçün nərəcinsli balıq ovuna qoyulan kvota 30 min təşkil edirdisə, hazırda bu rəqəm minə bərabərdir. Bu da onu göstərir ki, nərəcinsli balıqların ehtiyatları 30 dəfə azalıb. Buna səbəb kimi isə keçən əsrin 90-cı illərinin sonunda brakonyerlik nəticəsində onların həddindən artıq ovlanması, kürü tökülən əksər çaylarda, xüsusilə Kür və Volqa çaylarında bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi, balıqçılığın vahid tənzimlənmə sisteminin olmaması, mnemiopsis leidiyi daraqlısının mənfi təsiri nəticəsində dəniz ekosistemində stabilliyin pozulması göstərilə bilər. Mnemiopsis leidiyi daraqlısı dənizdəki zooplankton biokütləsini məhv edib. Həmin biokütlənin məhvi ilə yemdən məhrum olan kilkə balıqlarının sayı azalıb. Kilkələrin azalması onlarla qidalanan nərəkimilərin, qızılbalıqların, siyənəklərin, hətta suitilərin sayına da mənfi təsir göstərib”.