CƏMİYYƏT
Xəzər dənizində nərəcinsli balıqların ovuna 20-25 illik moratorium tətbiq edilə bilər
Bakı, 20 noyabr, AZƏRTAC
Rusiyanın Həştərxan şəhərində üç il əvvəl keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə qəbul olunan protokola əsasən, Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasına hökumətlərarası status verilməsi barədə sazişin razılaşdırılması tapşırılıb. Ötən ilin ortalarında isə həmin sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Komissiyanın yeni statusda ilk sessiyası noyabrın 21-23-də Bakıda keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov məlumat verib.
Direktor bildirib ki, sessiyanın gündəliyinə nərəcinsli balıqların ovuna moratoriumun tətbiqi məsələsi daxil edilməsə də, müzakirə edilə və onların ovuna 20-25 illik qadağa qoyulması ilə əlaqədar təklif irəli sürülə bilər. Ümumiyyətlə, 2011-ci ildən etibarən Xəzəryanı ölkələr nərəcinsli balıqların ovuna qadağalar tətbiq edir. Nərəcinsli balıqlar yalnız balıqartırma və elmi-tədqiqat məqsədilə ovlana bilər. Əgər moratorium təklifi qəbul edilsə, qadağanın tətbiqi hökumətlərarası status səviyyəsində icra olunacaq.