REGİONLAR
Xəzər dənizində suyun səviyyəsi azalır - hansı fəsadlar ola bilər? VİDEO
Lənkəran, 14 aprel, İlkin Adıyev, AZƏRTAC
Son bir neçə ildir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması qeydə alınır. Paytaxtla yanaşı, Xəzərsahili bölgələrdə də bu, aydın müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran ərazisində dayaz və dərin yerlərdən asılı olaraq, Xəzər sularının sahildən 5 metrdən 40 metrədək, bəzi ərazilərdə isə daha çox geri çəkilməsi qeydə alınıb. Hətta son bir il ərzində üzə çıxan ucsuz-bucaqsız qumsal əraziləri də açıq-aydın görmək olar.
Mütəxəssislər hesab edirlər ki, hələlik Xəzər dənizində suyun səviyyəsinin azalması ətraf mühit üçün təhlükəli həddə çatmayıb. Lakin bu proses mütəmadi davam edərsə, gələcəkdə xüsusilə də Xəzərsahili ölkələrdə dəniz limanlarının fəaliyyətinə ciddi təsir göstərə bilər. Bununla da dənizin quruya çıxan ərazilərinə hər hansı bir şəkildə müdaxilə etmək və ya tikinti işləri aparmaq son dərəcə təhlükəlidir.
Ekspert Samir Salayev bildirir ki, Xəzər dənizinin yerləşdiyi coğrafiya seysmik ərazidir. Yəni, litosfer tavalarının toqquşduğu ərazidir. Azərbaycan, Qafqaz ərazisi Şərqi Avropa litosfer tavası ilə Ərəbistan litosfer tavasının toqquşma zonasıdır. Bu zonda zəlzələ davamlı olaraq müşahidə olunur. Ona görə də Xəzər dənizinin dibində 60-70 ildən bir qalxmalar və enmələr müşahidə olunur. Ona görə də suyun artması da onun dibinin tektonikası ilə daha çox bağlıdır. Sadəcə, Xəzərin suları geriyə çəkilirsə, qumluq ərazilər genişlənə bilər. Bunun turizmə faydası o olacaq ki, qumluq ərazilərin sahəsi genişlənəcək, amma həmin ərazilərdə sabit infrastruktur qurmaq məsləhət deyil.
“Dənizin suyu keçən il 10 metr, bu il isə 15 metr geri çəkilib. Məcbur qalıb istirahət yerlərini bir az irəli, dənizə tərəf çəkmişik. Bunun da əsas səbəbi gələn turistlərin dənizə yaxın oturmaq istəməsidir”, - deyə sahilətrafı obyekt sahibi Elvin Quluzadə söyləyib.
Bəs, müxtəlif vaxtlarda Xəzərdə suyun səviyyəsinin dəyişməsinin səbəbləri nədir? Mütəxəssislərin araşdırmaları göstərir ki, bu proses heç də yağıntılardan, yaxud da dənizi qidalandıran çayların səviyyəsindən asılı deyil. Xəzərin mürəkkəb coğrafi dib relyefi buna təsir edən əsas amillərdəndir.
Qeyd edək ki, Xəzər dənizinin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.