CƏMİYYƏT
Xəzər dənizinin sahil zolağındakı istirahət mərkəzlərində ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında birgə reydlər davam etdirilir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahili zolağını əhatə edən hissəsində fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.
Araşdırma zamanı bir sıra istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı müəyyənləşib. Bir istirahət mərkəzində isə əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı aşkarlanıb.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC isə hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib olunmuş sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Reydlər davam etdirilir.