MƏDƏNİYYƏT
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəfis tərtibatla çapdan çıxıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, oxuculara jurnalın “Nobel kürsüsü” rubrikasında Patrik Uaytın “Qadın əli” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında Musa Urudun şeirləri, “Korifeylər” rubrikasında isə Frans Kafkanın pritçaları təqdim edilib.
Jurnaldakı “Rus ədəbiyyatı”, “İlahi keçid”, “Hekayə”, “İspan poeziyası”, “Roman”, “Memuar”, “Kino”, “Teatr” və “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikalarında oxucular Anton Çexovun “Çöl” hekayəsi, “Tövrat”dan tərcümə, Vladimir Nabokovun müsahibəsi və “İşarələr və əlamətlər” hekayəsi, Federiko Qarsia Lorkanın şeirləri, Varqas Lyosanın “Polemino Moleronu kim öldürüb” romanı, Salvador Dalinin “Salvador Dalinin gizli həyatı”, Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti, Georgi Tovstonoqovun “Səhnə güzgüsü” əsərindən hissələr və Sakarias Topeliusun “Ağcaqayın və ulduz” nağılı ilə tanış ola biləcəklər.
Jurnalın baş redaktoru Azərbaycan Dövlət Tərcümə Mərkəzi idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuddur.