CƏMİYYƏT
“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyində beş hektara yaxın ərazi tullantılardan təmizlənib
Bakı, 11 avqust, AZƏRTAC
“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Keçirilən aksiya zamanı beş hektar ərazi tullantılardan təmizlənib, 10 kubmetr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.
ETSN keçirilən ekoloji aksiya və tədbirlərdə fəal iştirak edən qurumlara öz təşəkkürünü bildirir.
Qeyd edək ki, belə aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir.
Xatırladaq ki, 2006-cı il avqustun 12-dən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.