CƏMİYYƏT


“Xəzər həftəsi” çərçivəsində tədbirlərə start verilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyada olduğu kimi ölkəmizdə də Beynəlxalq Dəniz Gününün yüksək səviyyədə qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən sentyabrın 25-dən 30-dək “Xəzər həftəsi” keçirilir. “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında iməciliklərin keçirilməsi, onun ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda “dəyirmi masa” ların, seminarların təşkil olunması və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.

Sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Universitet tələbələrinin iştirak etdiyi görüşdə Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, qarşıda duran vəzifələr, eləcə də ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat, davamlı inkişaf və s. mövzularda tədbir iştirakçılarına məlumat verilib, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.