REGİONLAR
“Xəzər” komandası “Nuh yurdu” intellektual oyununun qalibi olub
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə gənclər arasında keçirilən “Nuh yurdu” intellektual oyununun ikinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək oyunun keçirilmə məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Sonra yarışa start verilib.
Yekun nəticəyə görə I yerə “Xəzər”, II yerə “Savalan”, III yerə isə “Xəmsə” komandaları layiq görülüb. Qalib gələn komandalara təşkilatçıların diplom, kubok və bilik kitabları təqdim edilib.
“Nuh yurdu” intellektual oyunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.