CƏMİYYƏT
“Xəzər kuboku” intellektual oyunlarında 7 ölkədən 200-dən çox gənc mübarizə aparır
Bakı, 3 iyun, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 3-də Bakıda intellektual oyunlar üzrə “Xəzər kuboku” VI Beynəlxalq turnirin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavinin İntiqam Babayev çıxış edərək, intellektual oyunların gənclərin asudə vaxtlarının səmərəli təşkilində, həmçinin biliklərinin yoxlanılmasında, intellektual səviyyələrinin artırılmasında önəmindən danışıb. Bildirib ki, respublikada gənclər arasında intellektual oyunların keçirilməsi artıq ənənə halını alıb. Bu oyunlar gənclərin öz intellektual potensiallarını nümayiş etdirmələri üçün yaradılmış gözəl imkandır. “Xəzər kuboku” Beynəlxalq turniri də bu qəbildəndir və artıq altıncı dəfədir keçirilir. Bu yarış çərçivəsində Azərbaycanın milli oyunu olan “Xəmsə” də təşkil edilir. Ümumiyyətlə, nəinki respublikamızda, digər ölkələrdə də keçirilən intellektual yarışların proqramına “Xəmsə” intellektual oyunu salınıb. Bu da öz növbəsində dünyada intellektual arenada Azərbaycanın təbliği deməkdir.
İ.Babayev belə intellektual oyunların bundan sonra da keçiriləcəyinə və onun əhatə dairəsinin genişlənəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Gənclər və İdman Nazirliyi bu sahəyə bütün lazımi dəstəyi göstərəcək.
Gənclər və İdman Nazirliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” (GİİM) İctimai Birliyinin dəstəyi ilə intellektual oyunlar üzrə “Xəzər kuboku” VI Beynəlxalq turnirinə iyunun 1-də start verilib. İyunun 5-dək davam edəcək oyunlarda, ümumilikdə, 7 ölkəni təmsil edən (Azərbaycan, Estoniya, Latviya, Rusiya, Özbəkistan, Qazaxıstan və İsrail) 32 komandanın tərkibində 200-dən çox gənc yarışır.
Turnirin proqramında “Nə? Harada? Nə zaman?” oyunu, “Breyn-rinq” və “Xəmsə” milli intellektual oyunu üzrə yarışların keçirilməsi nəzərdə tutulub.