CƏMİYYƏT
Xəzər rayonu ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonu ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları, mobil telefon və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olmuş A.Mirzəyev rayon polis idarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Biləsuvar rayonu ərazisindəki müəssisələrin birinin anbarından 10 ədəd elektrik cihazı və 40 metr elektrik naqili, digər müəssisənin nasosxanasından elektrik mühərriklərinin sarğılarını kəsərək oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri B.Dadaşov və A.Hadıyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Biləsuvar rayon ərazisindəki mağazaların birindən 340 manat, orada quraşdırılmış ödəmə terminalından isə 3616 manat pul, digər mağazada quraşdırılmış ödəmə terminalından isə 391 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri T.Dadaşov və S.Azadov Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.