İQTİSADİYYAT


Xəzər rayonunda 4 küçədə və döngələrində təmir işləri yekunlaşıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazi üzrə kompleks tədbirlərin icrası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması çərçivəsində cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri və tikintisi aparılır. Təmir-tikinti işlərinə Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7,6 kilometr olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1,2 kilometrlik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7,5 kilometr olan 3 yol daxildir.

Artıq Binə qəsəbəsi üzrə də cari ilin “İnvestisiya Proqramı”nda nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin böyük bir hissəsi yerinə yetirilib.

Belə ki, qəsəbənin ümumi uzunluğu 7 kilometr olan Nəsimi və Nizami Abbasov küçələrində, həmçinin Bolluq massivi, Cəfər Cabbarlı və Bünyadzadə küçələrində təmir işləri yekunlaşıb. Hazırda Binə qəsəbəsi üzrə uzunluğu 600 metr təşkil edən “Köhnə yarmarka” yolunun təmiri işləri aparılır.

Xəzər rayonu üzrə Buzovna qəsəbəsində təmir işləri Xəzər küçəsində də davam etdirilir. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1200 metr, eni isə ortalama 6 metr təşkil edir.

Rayonun Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7,5 kilometr olan 3 yolda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınır. Görülən işlərin ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrə isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq, Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.