Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib




Bakı, 22 aprel, AZƏRTAC
Xəzər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, deputatlar Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və bir qrup rayon ağsaqqalı iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbiri açaraq, ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən bəhs edərək, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolundan danışıb.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev çıxış edərək ölkəmizdə ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Rəşadətli Ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasını xalqımızın yeni Zəfər tarixi olduğunu bildirib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını deyib.
Daha sonra Xəzər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib, Salahov Rövşən Ruhulla oğlu səsvermə yolu ilə yenidən Xəzər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin Xəzər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri də müəyyənləşib.
Sonda çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, deputatlar Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini, idarə heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.