ELM VƏ TƏHSİL
Xəzər rayonunda “Məktəb seminarları” təşkil olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində ikinci təlim-seminar Xəzər rayonunda təşkil olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın ümumtəhsil məktəblərini əhatə edən layihənin məqsədi keyfiyyətli tədrisi, təhsil sahəsindəki yenilikləri və digər məsələləri təbliğ etməkdən ibarətdir.
Xəzər rayonundakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.
Təlim-seminarda BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib.
Layihə çərçivəsində təşkil edilən sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar Bakının 12 inzibati rayonu üzrə təşkil olunacaq.