CƏMİYYƏT
Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanının doğum günündə xatirəsi anılıb










Bakı, 18 fevral, AZƏRTAC
Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımovun adını daşıyan 216 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenantın ailə üzvlərinin iştirakı ilə onun doğum günü qeyd edilib. Bu münasibətlə keçirilmiş tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Hərbi Hava Qüvvələri komandanının müavini polkovnik Elşad Pənahov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqub Abbasov, şəhid valideynləri, N saylı hərbi hissənin zabit heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid polkovnik-leytenantın qızı Gülanə Qasımovanın rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub.
Daha sonra 216 saylı tam orta məktəbin kollektivi tərəfindən hazırlanmış Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımova həsr olunmuş film, həmçinin Ali Baş Komandanın Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanındakı çıxışı nümayiş edilib.
Bədii hissədən sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini yad edərək, 44 günlük Vətən müharibəsində xalqımızın və Ordumuzun Ali Baş Komandanımızın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıq və şücaətdən, azad olunmuş torpaqlarımızda hazırda aparılan quruculuq işlərindən danışıblar.
Şəhid polkovnik-leytenant Ramiz Qasımovun həyat yoldaşı Günel Qasımova şəhidin ailəsinə dövlətimiz tərəfindən göstərilmiş diqqətə və hərtərəfli qayğıya görə dərin minnətdarlığını bildirib.
Xəzər Rayon Gənclər və İdman İdarəsi və Gənclər Evinin kollektivi tərəfindən Vətən Müharibəsi Qəhrəmanının qızına atasının yağlı boya ilə işlənmiş böyük ölçüdə portreti hədiyyə olunub və o, İdarənin Fəxri diplomu ilə təltif edilib.
Tədbirin sonunda “Azərbaycan” mahnısının sədaları altında “Səma” rəqs qrupunun kompozisiyası nümayiş etdirilib.