CƏMİYYƏT
Xəzər rayonunda ahıl və xüsusi qayğıya ehtiyacı olan sakinlərə yardım paylanılıb
Bakı, 10 aprel, AZƏRTAC
Xəzər rayonunda ahıl və xüsusi qayğıya ehtiyacı olan sakinlərə yardım paylanılıb.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də ölkə rəhbərinin yaşlı insanlarımızı qoruyaq çağırışına respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da birmənalı şəkildə əməl olunur. Ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın hər yerində olduğu kimi, Xəzər rayonunda da bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
Aprelin 10-da icra hakimiyyətinin əməkdaşları, rayonun gənc könüllüləri və YAP Xəzər Rayon Təşkilatının fəal gəncləri tərəfindən rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan 50 ailəyə ərzaq məhsullarından ibarət yardım paylanılıb, onların problemləri dinlənilib.
Həmçinin ərzaq sovqatı paylanılarkən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.