CƏMİYYƏT
Xəzər rayonunda arvadını bıçaqlayaraq qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xəzər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla 1979-cu il təvəllüdlü Füzuli Qarayevin arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olduğunu bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqladığı, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürdüyü müəyyənləşdirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda hadisənin törədilməsinə gətirib çıxaran səbəb və şəraitin araşdırılması məqsədilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.