CƏMİYYƏT
Xəzər rayonunda daha bir məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Belə ki, sakinlərin istək və arzularına uyğun olaraq, onlar üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə “Neqsol” Holdinq tərəfindən rayonun Binə qəsəbəsindəki 2146-cı məhəllə abadlaşdırılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbədəki abad məhəllənin martın 4-də açılış mərasimi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elşən Qurbanov, təmir işlərini həyata keçirən “Neqsol” Holdinqin nümayəndəsi İsrail Asaliyev, RİH Aparatının şöbə müdirləri, Binə qəsəbə nümayəndələri, Binə bələdiyyəsi, şəhid ailələri, ağsaqqallar və yerli sakinlər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Elşən Qurbanov tədbir iştirakçılarını salamlamış, sakinlər üçün görülmüş işlərə görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fonduna və “Neqsol” Holdinqin rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları tərəfindən yeni salınmış məhəllədə şam ağacları əkilib. Bundan sonra, uşaqlar üçün istifadəyə verilmiş idman qurğularına baxış keçirilib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova və şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədzadə və yerli sakinlər qısa müddət ərzində Binə qəsəbəsində “Abad Məhəllə”lərin və istirahət parklarının salınmasına və bütövlükdə qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları, mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar, skamyalar, gecə işıqları üçün dirəklər quraşdırılıb, binalarının dam örtükləri, fasad və pilləkən qəfəsləri əsaslı təmir edilib. Mövcud ağaclarda budama işləri aparılaraq, yeni yaşıllıqların salınması üçün ağac və gül kolları əkilib.