CƏMİYYƏT
Xəzər rayonunda ərazi tullantılardan təmizlənib
Bakı, 24 may, AZƏRTAC
Xəzər rayonunun Türkan qəsəbəsinin müxtəlif ərazilərində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, qəsəbənin bir neçə yerində tullantıların qalaqlanması faktı müəyyənləşdirilib və əraziyə cavabdeh Xəzər rayonunun Türkan qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən həmin sahələrin təmizlənməsi təmin edilib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rövşən Quliyevə məcburi göstəriş verilib.
Xidmət rəsmisi tullantıların idarə olunmasına cavabdeh şəxsləri fəaliyyətlərini qanunauyğun həyata keçirməyə, sakinləri isə tullantıları müəyyən olunmuş sahələrə atmağa və təmizliyə riayət etməyə çağırıb.