CƏMİYYƏT
Xəzər rayonunda karantin qaydalarına riayət olunması ilə bağlı reydlər davam etdirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatlığa səbəb olub.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar vətəndaşların bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai iaşə və ticarət obyektlərində, ərzaq mağazalarında, həmçinin avtobuslarda reydlər keçirilib.
Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, aşkar edilən nöqsanlarla bağlı pozuntulara yol verən şəxslərə qarşı cərimə tədbirləri tətbiq edilib, tibbi maskası olmayan vətəndaşlara tibbi maskalar paylanıb.
Həmçinin Xəzər rayon könüllüləri tərəfindən rayon ərazisində vətəndaşlarla peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılıb, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydalarını əks etdirən bukletlər təqdim olunub.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən səmərəli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.