Xəzər rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir








Bakı, 2 aprel, AZƏRTAC
Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri genişləndirilib.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət iki-üç nəfərlik mobil qruplar yaradılıb.
Yaradılan mobil qrup üzvləri tərəfindən təhkim olduqları ərazilər üzrə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün vətəndaşlarımızdan gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq istiqamətində maarifləndirmə işləri aparılır.
Aparılan maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən koronavirusdan qorunmaq barədə “Həmrəyik!, güclüyük!, hamımız səfərbərik! - evdə qalaq, həyatları xilas edək!” adlı xüsusi maarifləndirici banerlər hazırlanaraq rayonun Binə, Buzovna, Şüvəlan və Mərdəkan qəsəbələrindəki mərkəzi küçələrin kənarlarında quraşdırılıb. Həmçinin rayon sakinlərinə yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunma üsullarını əhatə edən maarifləndici çap materialları paylanılır.
Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq onlara giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.
Rayonda, eyni zamanda, genişmiqyaslı dezinfeksiya işləri mütəmadi olaraq davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkən qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri aparılır.
Bu istiqamətdə işlər gündəlik olaraq davam etdirilir.