CƏMİYYƏT
Xəzər rayonunda məktəblilər arasında keçirilən Olimpiadanın iştirakçıları ilə görüş olub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Xəzər rayonundakı orta məktəblərin 10-cu sinif şagirdləri arasında “Konstitusiya hüququnun əsasları” mövzusunda keçirilən Olimpiadada yüksək bal toplayan şagirdlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 12 noyabr - Konstitusiya Gününə həsr olunub. Konstitusiya Məhkəməsinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin və Məhkəmənin əməkdaşları iştirak ediblər.
Ölkəmizin Konstitusiya tarixi haqqında danışan Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb, bununla bağlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova isə Azərbaycan Respublikasının Konstitusiyasının yaranması və sonradan edilən müxtəlif dəyişikliklər barədə çıxış edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Sonra rayon məktəblərində keçirilən Olimpiadanın nəticələrinə görə yüksək bal toplayan 15 şagird Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Konstitusiya Günü münasibətilə şagirdlərə müraciəti oxunub.