CƏMİYYƏT
Xəzər rayonunda rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 18 may, AZƏRTAC
Xəzər rayonu ərazisində rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 10-da Bakı Telefon Rabitəsi MMC-nin Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kabel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat məbləğində maddi ziyan dəyib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. A.Rəsuloğlu və İ.Rzayev rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.