Xəzər rayonunda şəhid hərbi qulluqçuların təltif olunduğu medallar ailələrinə təqdim edilib









Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirən zaman şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Mansurov Elçin Elşən oğlu və Qasımov Ramiz Vaqif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif ediliblər.
AZƏRTAC xəbər verir ki, iyulun 3-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general leytenant Ramiz Tahirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar baş idarəsinin rəisi, general mayor Azad Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, hərbi ekspert Emin Həsənli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov və xidmətin rəsmiləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hər iki hərbi qulluqçunun ailələrini ziyarət ediblər. Şəhidlərimizin təltif edildiyi medallar ailə üzvlərinə təqdim olunub.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqları xüsusi qeyd olunub. Həmçinin ölkəmizdə şəhid ailələrinə göstərilən qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.