İQTİSADİYYAT


Xəzər rayonunda uzunluğu 52,4 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşır VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Paytaxtın Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq rayonun Binə, Türkan və Zirə qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 34,4 kilometr uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Təmir işləri uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Layihəyə uyğun olaraq, Xəzər rayonunun Binə qəsəbəsində Südçülük sovxozunun, Ramana və Atçılıq yaşayış massivlərinin daxili küçələri, həmçinin 1,4 kilometr uzunluğa malik Babək və Musabəyov küçələrində, Türkan qəsəbəsində ümumi uzunluğu 8,9 kilometr olan döngələri ilə birgə Xanlar küçəsi, Vərəm sanatoriyasının ətrafındakı küçələr və üzümçülük sovxozunun daxili küçələrində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 11,6 kilometr olan Yeni yaşayış və Südçülük sovxozu yaşayış massivlərinin daxili küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir. Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində ümumi uzunluğu 51 kilometr olan küçə və yolda təmir işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.