CƏMİYYƏT


Xəzər rayonunda yerləşən məktəblərdə Çin mədəniyyəti otağı və idman meydançası istifadəyə verilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 119 nömrəli məktəbdə Çin mədəniyyəti otağı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min, Milli Məclisin deputatları Soltan Məmmədov və Rauf Əliyev, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bu layihənin Xəzər rayonunda həyata keçirilməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, bu təşəbbüsün məktəb şagirdlərinə Çin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradacağını söyləyib.

S.Məmmədov son illər Azərbaycan ilə Çin arasında istər siyasi, istərsə də iqtisadi sahədə əməkdaşlığın çox sürətlə inkişaf etdiyini deyib. Qeyd edib ki, Çin beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyini, yürütdüyü siyasəti hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Deputat diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun əsas prioritetlərindən biri olan təhsil layihələrinə Çin Xalq Respublikası hər zaman xüsusi dəstək göstərib. Çində Azərbaycan mədəniyyətinin, tarixinin təbliği istiqamətində çox böyük layihələr həyata keçirilir.

Səfir Quo Min Çin-Azərbaycan münasibətlərinin daim inkişafda olduğunu vurğulayaraq, iki ölkə arasında mədəni və humanitar əlaqələrin, xüsusilə təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Diplomat bu cür layihələrin sayının daha da artırılmalı olduğunu söyləyib.

Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ölkələrimiz arasında əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Bildirib ki, Xəzər rayonunda dörd oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycan və Çin məktəbləri, şagirdləri arasında yeni əlaqələrin qurulmasına imkan yaradacaq.

M.Vəliyeva Heydər Əliyev Fondunun Azərbaycanda yeni məktəblərin inşası, eyni zamanda, bir sıra təhsil ocaqlarının bərpası, yenidən qurulması istiqamətində böyük işlər həyata keçirdiyini diqqətə çatdırıb. O, Çin mədəniyyəti otağının fəaliyyətə başlamasının daha çox dil öyrənmək istəyən şagirdlər üçün yeni bir fürsət yaratdığını deyib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, 119 nömrəli məktəbin direktoru Mətanət Mailova, Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxış edərək göstərilən diqqət və dəstəyə görə Heydər Əliyev Fonduna, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, bu cür layihələr şagirdlərin və ümumilikdə gənc nəslin təhsilə marağının artırılması baxımından son dərəcə vacib əhəmiyyət kəsb edir.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun Çin Xalq Respublikası ilə əməkdaşlığı çərçivəsində reallaşıb. Layihə çərçivəsində Şüvəlan qəsəbəsində 237, Zirə qəsəbəsində 120, Türkan qəsəbəsində 119 nömrəli və Binə qəsəbəsində 117 nömrəli tam orta məktəblərdə Çin mədəniyyəti otaqları yaradılıb. Çin mədəniyyəti otaqlarının hər biri stasionar kompüter dəstləri, noutbuk, printer, proyektor və digər cihazlarla təchiz olunub.

X X X

Bu gün, həmçinin Xəzər rayonu Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbin açıq havada yerləşən idman meydançası təmirdən sonra istifadəyə verilib.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min belə bir meydançanın istifadəyə verilməsinin şagirdlərdə idmana marağın artmasına xidmət edəcəyinə ümidvar olduğunu söyləyib.

Milli Məclisin deputatı Soltan Məmmədov layihənin həyata keçirilməsinə verilən dəstəyə görə Çinin Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib. O, Azərbaycanda idmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini vurğulayıb.

Digər çıxış edənlər Azərbaycanda təhsil sahəsində aparılan islahatların uğurlu nəticələri barədə fikirlərini bölüşüblər. Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə böyük nailiyyətlərə imza atmasının əsas səbəbinin məhz bu sahəyə dövlət tərəfindən xüsusi önəm verilməsi olduğunu qeyd ediblər. 218 nömrəli məktəbin şagirdlərinə yeni dərs ilində uğurlar arzulayıblar.

Çıxışlardan sonra iştirakçılar yeni istifadəyə verilmiş idman meydançasında yaradılan şəraitlə tanış olublar. Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən uşaqlara idman geyimləri və toplar hədiyyə edilib.

Qeyd edək ki, Binə qəsəbəsində fəaliyyət göstərən 218 nömrəli orta məktəbin açıq havada yerləşən idman meydançası Heydər Əliyev Fondunun Çin Xalq Respublikası ilə əməkdaşlığı çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə əsaslı şəkildə yenidən qurulub. Layihə çərçivəsində açıq havada yerləşən futbol və basketbol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.