İQTİSADİYYAT
Xəzər rayonunun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri aparılmışdır
Bakı, 29 oktyabr (AZƏRTAC). Cari ilin 9 ayı ərzində Xəzər rayonunun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri aparılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovna qəsəbəsində 42 min 600 kvadratmetr, Şüvəlan qəsəbəsində 69 min 200 kvadratmetr, Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6 kilometr, Qala-Pirallahı magistral yolunda 10 kilometr, Buzovna–Maştaga yolunda 12 kilometr asfalt işi görülmüşdür.
Ümumilikdə ötən müddətdə rayon üzrə 14 kilometr, dövlət proqramı çərçivəsində 42,6 kilometr olmaqla cəmi 56,6 kilometr yeni asfalt örtüyü salınmışdır.
Bundan əlavə, Mərdəkan-Qala və Pirallahı magistral yollarının yenidən qurulması ilə əlaqədar işlər davam etdirilir və yol kənarlarında xarici görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür.