CƏMİYYƏT


“Xəzəri qoruyaq” devizi ilə keçirilən aksiyaya 500-ə yaxın könüllü qatılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətləri, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və Xəzər Televiziyasının təşkilatçılığı ilə sentyabrın 23-də Mərdəkan çimərliyində “Xəzəri qoruyaq” devizi altında genişmiqyaslı təmizlik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, çimərliklərin tullantılardan təmizlənməsi aksiyasına müxtəlif yaş təbəqələrindən olan 500-ə yaxın könüllü qatılıb. Könüllülərin əksər hissəsini tələbələr təşkil edib.

“Xəzəri qoruyaq” devizi altında keçirilən aksiya artıq yeddi ildir baş tutur. Gənclər müxtəlif çimərliklərdə təmizlik işləri aparır, dəniz sahillərindən və ətraf ərazilərdən zibilləri toplayırlar. Könüllülər arasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da olub. Ekoloji aksiya təşəbbüsünü müsbət qarşılayan səfir bildirib ki, ABŞ-da da tez-tez keçirilən belə tədbirlər insanlarda təbiətə sevgi hissi aşılayırlar.

Aksiyanın digər tərəfdaşı “Coca Cola” şirkətinin nümayəndəsi Elşad Fərzəliyev bu dəfə tullantılardan təmizlənən çimərliyə 10 ədəd zibil qutusunun qoyulduğunu bildirib. O, həmçinin qeyd edib ki, ekoloji aksiyanın keçirilməsi üçün hər il yeni ərazilər seçilir. Son 7 il ərzində 15 kilometrdən çox ərazi təmizlənib və 10 tondan çox tullantı yığılıb.

Aksiyada iştirak edən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elmar Məlikov məlumat verib ki, yığılan tullantılar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna aparılacaq. Onun sözlərinə görə, tullantıların təxminən 90 faizi təkrar emala yararlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.