Xəzərin Azərbaycan sektorunda ölü suitilər aşkarlanmayıb
AzerTAg.az

Bakı, 5 dekabr, AZƏRTAC
Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (Phoca caspica) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün tələf olmuş heyvanlardan nümunələr götürülüb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, tələf olmuş suitilərin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək: “Xəzər dənizinin Azərbaycan sektorunda ölü suitiləri aşkarlanmayıb. Lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər. Yəni suiti leşləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”.
Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırkı suiti tələfatının 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.
Xəbərin mətnində orfoqrafik səhv var