MƏDƏNİYYƏT
“Xəzərin dalğaları” Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsi keçirilib
Bakı, 29 avqust, AZƏRTAC
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçirilib.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, dərslər “Zoom” proqramı üzərindən rəssam Fəxrəddin Qəhrəmanlının rəhbərliyi ilə baş tutub.
Sənətsevərlər dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə də izləyiblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.
Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.