REGİONLAR


Xıdır Nəbi bayramı - yazın gəlişinin ilk müjdəçisi

Naxçıvan, 9 fevral, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan diyarında təqvim adətləri ilə bağlı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü qeyd edilir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyib ki, Kiçik çillə yanvarın 31-dən fevralın 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da Kiçik çillənin yarı olduğu gündə keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq.

Maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilir? Asəf Orucovun sözlərinə görə, qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-u qeyd olunmalıdır.

Naxçıvanda bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz.

“Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdim ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) də keçirilir”, - deyən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri bildirib ki, qovurulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar.

Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovurulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur. Maraqlıdır ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq adəti Naxçıvan Muxtar Respublikasının hər tərəfində qeydə alınmayıb.

Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:

Xıdıra xıdır deyərlər,

Xıdırın payın verərlər.

və yaxud:

Çatma, çatma çatmaya,

Çatma yerə batmaya.

Xıdırın payın kəsənin

Ayağı yerə çatmaya.

Torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyulub uşaqları yola salırlar. Asəf Orucov onu da qeyd edir ki, Culfa bölgəsində (Ləkətağ, Saltaq kəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbi bayramında evin bacasından ip, ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar, ipin ucuna lələk bağlayıb, toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Ev yiyəsi də həmin adamın nə istədiyini bilib, torbaya toyuq qoyub geri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.

Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucovun topladığı etnoqrafik materiallardan aydın olur ki, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil də bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağını, qovuta isə əlini basacaqdır. Xızırın atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. İnama görə, belə qovut şəfaverici xüsusiyyətlərə malik olur. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzular həyata keçəcək.

Digər bir inanca görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcək. Başqa bir inancda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, o muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaq. Sarıqamış çərkəzlərində də Hıdır-Elləzdə duzlu çörək yapılır. Bu çörəyin bir hissəsini subay qızlar yeyər, qalan hissəsini isə yastığının altına qoyub yatarlar. İnanca görə, qız ailə quracağı oğlanı yuxusunda görər. İkinci günü çörəyin qalan hissəsini qarğaların yeyə biləcəyi yerə qoyarlar. Sonra qarğanın çörəyi götürüb hara gedəcəyinə baxıb qızın da o tərəfə gedəcəyinə inanarlar.

Asəf Orucov deyir: Toplanmış etnoqrafik materiallardan məlum olur ki, bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti var. Qızlar, gəlinlər bütün barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Bölgəmizdə də həmin günü xınanın qoyulması sərt qışın, ağır günlərin artıq arxada qaldığı, qarşıdan xoş günlərin, istiliyin gəldiyi anlamını verir.

Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparmaq adəti geniş yayılmışdı. Qovurğa, küncüd, qovut, noxud, mərcimək və sair çərəzlərdən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq, nişanlı oğlanlara qız evindən pay aparırdılar. Payda bəyə isti köynək, yun corab da qoyurdular. Asəf Orucov vurğulayır ki, günümüzdə də nişanlı qızlara “Xıdır payı” aparmaq adəti mövcuddur.

Xıdır Nəbi bayramında doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və sair kimi adların qoyulması adəti də geniş yayılıb. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir, atını çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir:

Mən Xıdırın nəyiyəm,

Boz atının yeliyəm.

Xızırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlar çıxılmaz vəziyyətdə qalanda boz atlı Xızırı arzulayıb, o, isə öz köməyini əsirgəməyib, onlara yol göstərib.

Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir.

Xıdır həm də istilik və odla bağlıdır. Ona görə də süfrəyə gətirilən aşın kənarlarına şam qoyular və yaxud:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar,

– deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda, qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik yazın gəlməsinin əlamətləridir. Həm də bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri deyir ki, Xıdır Nəbi Orta Asiya mədəniyyəti (şamanizm), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi), Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, Günəşi çağırmaq) və sairdən birləşərək yaranan bir şənlik mərasimidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.