REGİONLAR
Xidmət rəisi: Son zamanlar respublikamızda qadınların da mexanizator peşəsinə marağı artıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Son zamanlar respublikamızda qadınların da mexanizator peşəsinə marağı artıb. Belə ki, qısa müddət ərzində 30-dan çox qadın mexanizatora sürücülük vəsiqəsi verilib.
Bunu AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyev deyib.
Xidmət tərəfindən “Aqrolizinq” ASC-yə məxsus Ucar, Şirvan, Gəncə satış bazalarında lizinq yolu ilə texnika götürən hüquqi və fiziki şəxslərə bu bazalarda yerində xidmət göstərmək üçün səyyar məntəqələrin yaradıldığını vurğulayan Ağakişi Alıyev bildirib ki, səyyar məntəqələr saat 09:00-dan 18:00-dək Xidmətin fəaliyyət istiqamətləri üzrə xidmətləri yerinə yetirir: “Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Lizinqə götürülmüş nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan və dövlət qeydiyyat nişanı müəyyən olunmuş hissəyə bərkidilmədən istifadəsi qadağandır. Biz fəaliyyət prinsiplərimizdə daim mexanizator və sahibkarların yanındayıq, amma onlar da qanunvericiliyin aliliyinə əməl etməyə borcludur”.