CƏMİYYƏT
Xidmətdə fərqlənən yol polisi əməkdaşları mükafatlandırılıb
Bakı, 1 iyul, AZƏRTAC
Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi avtosfer.az portalı ilə birlikdə “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihənin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılan layihə çərçivəsində 2 İyul - Polis Günü münasibətilə Milli Məclisin deputatlarının, eləcə də Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndələrinin, QHT sədrlərinin, nəqliyyat ekspertlərinin və jurnalistlərin iştirakı ilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzinin sədri, “avtosfer.az” portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, əsas məqsəd polisin həyata keçirdiyi önəmli rolu cəmiyyətin bütün üzvlərinə çatdırmaq, xidmətdə fərqlənən polis əməkdaşlarını mükafatlandırmaqdır. Hər il ənənəvi olaraq təşkil olunan tədbirlərdən fərqli olaraq bu il iki yenilik edilib. Həm Qarabağ müharibəsində, həm də xidmət zamanı şəhid olan polis əməkdaşlarını, eyni zamanda, veteran yol polislərinin də xidmətləri ictimaiyyətə tanıdılıb. Həmçinin nümunəvi sürücülər də müəyyənləşdirilərək onlara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “avtosfer.az” saytının diplomları təqdim olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Qarabağ müharibəsi dövründə, istərsə də dinc vaxtda polis hər zaman asayişin keşiyində olub.
Milli Məclisin deputatları Fazil Mustafa, Çingiz Qənizadə, Jalə Əliyeva, Flora Qasımova və Şahin İsmayılov bildiriblər ki, yol polislərinin işi digər həmkarlarına nisbətən daha çətindir. Polis peşəsi hər zaman ağır olduğu kimi, həm də şərəfli bir yoldur. İnsanların xidmətində duran bu şəxslər bütün təhlükələrə baxmayaraq, öz peşə vəzifələrini layiqincə yerinə yetirirlər.
Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini, polkovnik Xosrov Nəcəfov bildirib ki, vətəndaş-polis münasibətlərinin yüksək səviyyədə olması cəmiyyətimizin uğurudur. Azərbaycanın qüvvətlənməsi, müstəqilliyyimizin qorunub saxlanılmasında polis əməkdaşları hər zaman ayıq-sayıq dayanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik İlham Babayev, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Mübariz Ağayev polis əməkdaşlarına göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Alıyev, hüquqşünas Ərşad Hüseynov, QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları Elməddin Behbud və Sənan Nəcəfov çıxış edərək bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Bildirilib ki, polis daim ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Daha çox yol polisləri ilə birgə fəaliyyət göstərdiklərini diqqətə çatdıran DANX rəsmisi qeyd edib ki, maarifləndirmə tədbirlərinin son illərdə daha da artması müsbət nəticələr verir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov həmkarlarını təbrik edərək vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyəti, ictimaiyyət polisə inanır, rahat və təhlükəsiz şəkildə hərəkət edərək həyat tərzini yaşayırsa, bu, elə polisin uğurudur.
Daha sonra nümunəvi xidmətə görə fərqlənən 27 yol polisi əməkdaşı və nümunəvi sürücü olduğu üçün seçilmiş 12 nəfər mükafatlandırılıb. Mükafatlananlar arasında Qarabağ müharibəsində iştirak etmiş yol polisləri də olub. Bundan başqa, xidmət zamanı həlak olmuş iki yol polisinin ailə üzvlərinə də onların adına olan diplom və hədiyyələr təqdim edilib.