CƏMİYYƏT
Xidməti axtarış itlərinin çoxnövçülükdə birincilik üzrə yarışının qalibləri mükafatlandırılıb
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində xidməti axtarış itlərinin çoxnövçülükdə birincilik üzrə yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitənin təlimçi-kinoloqlarının iştirak etdiyi yarış mayın 29-30 tarixlərində Kinoloji Mərkəzdə baş tutub. Yarış narkotik maddələrin otaq şəraitində, əl yüklərində, minik və yük avtonəqliyyat vasitələrində axtarışından ibarət olub.
Mükafatlandırılma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov bu qəbildən olan yarışların gömrük işinin keyfiyyətinin artırılması, sərhədlərimizin etibarlılığının gücləndirilməsinə mühüm dəstək olduğunu bildirib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov təlimçi-kinoloqlar arasında bilik və təcrübə mübadiləsi, işbirliyinin gücləndirilməsi baxımından da bu yarışların önəmini vurğulayıb.
Yarışda əsasən sərhəd-gömrük keçid məntəqələrində xidmət edən 13 təlimçi-kinoloq iştirak edib.
Birinci yerə Polad Mahmudov, ikinci yerə Simran Nəhmətov, üçüncü yerə Rüfət Dadaşov layiq görülüb