DÜNYA
Xilas üçün son sutka: İndoneziyanın sualtı qayığının axtarışları davam edir
Bakı, 23 aprel, AZƏRTAC
Hind okeanında, Bali adası yaxınlığında İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus “KRI Nanggala-402” sualtı qayığın axtarışları davam edir.
AZƏRTAC CNN teleradio kompaniyasına istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, sualtı qayıqda oksigen ehtiyatı daha 24 saata kifayət edər.
“Axtarışlarda iştirak edən gəmilərdən biri 50-100 metr dərinlikdə güclü maqnit rezonansına malik obyekt aşkarlayıb”, - deyə İndoneziya Hərbi Dəniz Qüvvələrinin baş informasiya bölməsinə rəhbərlik edən general-mayor Əhməd Riad mətbuat konfransında bildirib.
İndoneziya Hərbi Dəniz Donanmasının yüksək texnologiyalı exolot ilə təchiz olunmuş “Riguel” gəmisi də axtarışlara qoşulub. Həmçinin Avstraliya, Sinqapur və ABŞ öz gəmiləri ilə axtarışlarda iştirak edəcək. Bir qədər əvvəl axtarışların aparıldığı rayonda suyun səthində yanacaq ləkəsinə rast gəlinib. Onun qəzaya uğrayan sualtı qayıqdan sızdığı ehtimal olunur.
Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla əlaqə kəsilib. Qəza zamanı qayığın göyərtəsində 53 nəfər olub.