DÜNYA
Xilasedicilər Airbus A320 təyyarəsinin qalıqlarını və sərnişinlərdən birinin cəsədini tapıblar VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da axtarış-xilasetmə işlərinin gedişində Kalimantan adasının qərbində çox güman ki, sərnişinlərin birinin cəsədi və А320–200 təyyarəsinin qalıqları tapılıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, İndoneziyanın mülki aviasiya xidmətinin başçısı təyyarənin qalıqlarının tapılması barədə məlumatları təsdiqləyib.
İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi Coko Murcamodco Cakartada keçirilmiş mətbuat konfransında tapılan iri obyektlərin AirAsia aviakompaniyasının rəmzi olan qırmızı və ağ rənglərlə boyandığını bildirib.
Çox güman ki, qəzaya uğramış təyyarənin qalıqları olan iri obyektlər radarların Airbusu son dəfə qeydə aldıqları yerdən 10 kilometr aralıda tapılıb.
Qeyd edək ki, İndoneziyadan Sinqapura uçan Airbus А320–200 təyyarəsi havaya qalxdıqdan 40 dəqiqə sonra radarlardan itib. Bundan bir neçə dəqiqə əvvəl isə kapitan istiqaməti dəyişmək üçün icazə istəyib. Təyyarənin göyərtəsində 155 sərnişin və 7 ekipaj üzvü olub.