CƏMİYYƏT
Xıllı Nərə Balıqartırma Zavodunda nərəcinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb
Bakı, 3 fevral, AZƏRTAC
Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində ötən il ərzində 437,5 milyon ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 8,383 milyon ədəd nərəcinsli, 190,075 min ədəd qızılbalıq və 428,93 milyon ədəd çəkikimi balıq körpələri artırılıb Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.
Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Xıllı Nərə Balıqartırma Zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərəcinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Burada süni yetişdirilmiş ana balıqdan cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir.
Bildirilib ki, hesabat ili ərzində 10 hüquqi və 125 fiziki şəxsə balıq ehtiyatlarından sənaye məqsədləri ilə istifadə etmək hüququ verilib və buna görə də 565 ton kilkə, 94,5 ton siyənək və 366 ton axçalı balıqların ovuna kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 1,5 ton nərəcinsli, digər balıqartırma zavodlarını törədici balıqlarla təmin etmək üçün 2,1 ton çəkikimi balıq növlərinin, həmçinin elmi-tədqiqat məqsədləri ilə 2 ton nərəcinsli balıq növlərinin ovlanmasına icazələr verilib.
Qeyd edilib ki, 2017-ci il ərzində departament tərəfindən 272 qanun pozuntusu aşkarlanıb, 122 nəfər şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilib. 100 protokol və 172 akt tərtib olunub. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq mühafizə orqanlarına göndərilib.