REGİONLAR


Xınalığa yeni avtomobil yolu çəkilir

Bakı, 24 may, AZƏRTAC 

Respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində tikinti işlərinə başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq, yolun Alpan kəndi ərazisindən keçən hissəsində təqribən 8 kilometrlik ərazidə iri dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, 2 ədəd suötürücü boru quraşdırılıb. Ümumilikdə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda bir düzbucaqlı su keçidi və 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda 2 körpü inşa ediləcək. Tikiləcək bir dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.

Növbəti mərhələdə isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılacaq. Beləliklə, həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək.

Həmçinin layihə üzrə sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, bir düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, eləcə də dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 minillik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.