REGİONLAR
Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisi 2020-ci ildə yekunlaşacaq VİDEO
Quba, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Kəndimiz Şahdağın ətəyində yerləşir. Yolla bağlı çox böyük çətinliklərlə üzləşirdik. Bir dəfə də olsun təmir olunmadığından yolumuz bərbad vəziyyətdə idi. Allah Prezidentimiz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bu yolun tikintisində əməyi keçən hər bir kəsə cansağlığı versin. Kənddən Qubanın rayon mərkəzinə kimi iki saata gedib çata bilirdik. Halbuki Qubadan Bakıya da iki saata gedilir. Heç ağlımıza gəlməzdi ki, bizim bu yolumuz da yenidən qurulub abadlaşdırılar. İndi müasir yol çəkilir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın Susay kənd sakini Əflatun Mədətov Quba-Susay-Xınalıq yolunun tikintisi ilə bağlı sevincini dilə gətirərkən söyləyib.
Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək, sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Susay kəndinin digər sakini Müsənnif Fərzəliyev də yolun çəkilməsini burada yaşayan əhali üçün olduqca əlamətdar hadisə olduğunu bildirir.
“Yolun yenidən qurulmasından sonra əsas çətinliklərimiz arxada qalacaq. Təsəvvür edin, xəstəmiz olanda vaxtında xəstəxanaya çatdıra bilmirik. Maşınımız çayda batırdı, 2-3 saat onu çıxarmaq üçün çalışırdıq. Çayların üzərində yerli bələdiyyələr tərəfindən quraşdırılan kiçik körpülər işimizə yaramır və tez-tez sıradan çıxırdı. İndi isə çayın üzərindən müasir, hər bir şəraiti olan körpü tikilir. Yolun tikilməsi üçün göstəriş verdiyinə görə dövlətimizin başçısına minnətdarıq”, - deyə kənd sakini bildirib.
İş icraçısı Hafiz Dünyamalıyev bildirib ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.
Hazırda Quba-Susay-Xınalıq yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir.
Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla, torpaq yatağının eni 10 metr təşkil edir.
Layihənin növbəti mərhələsində isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisinə başlanılacaq. Beləliklə, həyata keçirilən yeni yol layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək.
Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci ildə yekunlaşdırılması planlaşdırılır.