REGİONLAR
Xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam edir
Bakı, 6 sentyabr, AZƏRTAC
Ölkə ərazisində cavan xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin aprel ayından növbəti peyvəndləmə kompaniyasına başlanılıb. Bu kompaniya çərçivəsində avqust ayının 1-nə kimi ölkə üzrə 3-8 aylıq dişi xırdabuynuzlu heyvanların peyvəndlənməsi aparılıb.
Hazırda 3 aylıqdan yuxarı yaş qrupuna daxil olan və müxtəlif səbəblərdən peyvənd edilməmiş dişi, lakin boğaz olmayan xırdabuynuzlu heyvanların peyvəndlənməsi davam etdirilir.
Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin mütəxəssisləri xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını və keyfiyyətini qiymətləndirmək məqsədi ilə Masallı, Neftçala, Siyəzən, Qusar, Oğuz, Zaqatala, Şamaxı, Yevlax, Şəmkir, Beyləqan, Ağcabədi və Sabirabad rayonlarında səfərdə olublar.
Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizlik torbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin olunublar.
Bu ilin yanvar–iyul ayları ərzində Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına əsasən, ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. 2018-ci ilin ötən 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2018-ci ilin 8 ayı ərzində 518760 baş iribuynuzlu, 150764 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə olunub.
Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.