REGİONLAR
Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstana səfərdən qayıdıb
Xırdalan, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi məktəbin direktoru, Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Gürcüstanda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirdə iştirak etmək məqsədilə reallaşan səfər Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib.
Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində təşkil olunan və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə məktəb kollektivi Qara Qarayevin əsərləri ilə yanaşı, digər bəstəkarların əsərlərindən, xalq mahnılarımızdan və muğamlarımızdan ibarət maraqlı konsert proqramı ilə çıxış edib.
Səfər çərçivəsində musiqi məktəbinin kollektivi Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə əklil qoyaraq, dahi rəhbərə dərin hörmət və ehtiramlarını bildiriblər.