MƏDƏNİYYƏT
Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edib
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Abşeron rayonu Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, məktəbin şagirdləri oktyabrın 7-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Al-əlvan oktyabr” adlı konsert proqramı ilə çıxış ediblər. İki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümünə həsr olunan konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib. Məktəblilərin ifasında “Qarabağ şikəstəsi” və Qarabağa həsr olunmuş digər mahnılar alqışlarla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov məktəblilərlə görüşüb, onları bayram münasibətilə təbrik edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbirin açılışında deyib ki, Gürcüstanda keçirilən ənənəvi “Tbilisoba” bayramında ölkənin paytaxtında belə bir konsertin təşkili qürurvericidir.
Musiqi məktəbinin direktoru İkram Manafov qeyd edib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri və kollektivləri ilə əlaqələr yaradılıb. O, Gürcüstana üçüncü dəfədir gəldiklərini, budəfəki səfərin Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr olunduğunu bildirib.
Məktəbin kollektivi Tbilisi şəhərində keçirilən bayram tədbirlərində də iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi