MƏDƏNİYYƏT
Xırdalan şəhər musiqi məktəbində “Balaca virtuoz” adlı etüd müsabiqəsi keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər on bir illik musiqi məktəbində “Balaca virtuoz” adlı birinci etüd müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Manafovanın təşəbbüsü ilə təşkil olunan məktəbdaxili müsabiqə fortepiano şöbəsində təhsil alan şagirdlər arasında aparılıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texniki cəhətdən ifaçılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Qeyd edək ki, hər bir musiqi məktəbində, hətta region üzrə də ayrı-ayrı ixtisaslar üzrə keçirilməsi nəzərdə tutulan bu kimi müsabiqələr gələcəkdə şagirdlərin daha respublika və beynəlxalq səviyyəli müsabiqələrə hazırlıqlarına və güclü rəqabətin yaranmasına təkan verir.