CƏMİYYƏT
Xırdalan şəhər sakininə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 21 iyun, AZƏRTAC
Xırdalan şəhər sakini Ramil Oruclunu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən Z.Zeynalov tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə Xırdalan şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Oruclunun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat verilib.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla R.Oruclunun tanışı, Salyan rayon sakini Z.Zeynalovla şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ona bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.